Cümə axşamı, 27 Aprel 2017
Erməni silahlı bölmələri atəşkəs rejimini 15 dəfə pozub

 

 

14.11.2016.Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub.
 
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
 
İşğal altında olan Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

08.11.2016.Şahin Cəfərli: “Biz iki xalqın dinc-yanaşı yaşamasının mümkünlüyünü, ən azı öz tərəfimizdən buna hazır olduğumuzu dünyaya göstərməliyik”; Rəsmi Bakı bununla bağlı təşəbbüslərdə problem görmür; Hikmət Hacıyev: “Əsl sülhə, işğal faktının aradan qaldırılmasına və iki dövlət arasında sivil münasibətlərin qurulmasına çağıran təşəbbüslər təbii ki, təqdir olunur” 

 

Qarabağ danışıqlarında qeyri-konstruktiv mövqe sərgiləyən Ermənistan beynəlxalq hüquqa məhəl qoymayaraq aqressiv siyasətini davam etdirir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin danışıqları bərpa məqsədilə regiona növbəti səfərinin ardınca cəbhədə təxribatları çoxaldan işğalçı daha uzağa gedərək Dağlıq Qarabağın adını dəyişib “Artsax Respublikası” qoyacağı barədə anonsla çıxış edib. Təbii ki, ilk baxışda bu, elə də ciddi məsələ deyil. Qarabağdakı separatçı rejim Ermənistanın diktəsi və Rusiyadan aldığı təlimatlara uyğun olaraq zaman-zaman bənzər təxribatlara əl atıb, “seçkilər” keçirib, təyinatlar edib, kütləvi şəkildə şəhər, rayon və kəndlərimizin adının dəyişdirilməsi barədə “qərarlar” verib. 
 
Xatırladaq ki, 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ özünü “müstəqil dövlət” elan edib. Buna cavab olaraq həmin il noyabrın 26-da Azərbaycan parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub. Hazırda Dağlıq Qarabağ bölgəsi işğalçı rejimin nəzarətindədir. Ermənistan Dağlıq Qarabağdan əlavə 7 rayonu zəbt edib. Azərbaycan torpaqlarının işğalı, etnik təmizləmələrlə qurulmuş separatçı Dağlıq Qarabağ rejimi 1991-ci ildən indiyəcən seçki adı altında 19 qanunsuz aksiya keçirib: 6 “parlament seçkisi”, 5 “prezident seçkisi”, 6 “bələdiyyə seçkiləri”, 2 “referendum” adı ilə . Bütün bunlar isə dünyanın Qarabağ separatçılarına münasibətini dəyişməyib, ən azı ortada BMT-nin 4 qətnaməsi var. 
 
Üstəlik, onsuz da Qarabağ ərazisinin qeyri-qanuni olaraq talanan məhsulları “Artsax” məhsulu kimi bazara çıxarılır. Olsa-olsa bu, Ermənistan rejimi və Qarabağ separatçılarının erməniləri aldatması üçün növbəti manevridir. Eyni zamanda işğalçı tərəf bir daha Qarabağdakı separatçı rejimin “varlığını” xatırlatmaqla onların danışıqlar prosesində “tərəf” kimi cəlb olunmasına nail olmağa cəhd göstərir. Ancaq şübhəsiz ki, bu, mümkün görünmür. Çünki Azərbaycan prezident səviyyəsində bəyan edib ki, razılaşma əldə olunarsa, Dağlıq Qarabağa muxtar respublika statusu verilə bilər, ancaq bundan o yana güzəştin edilməsi mümkün deyil. Ancaq cinayətkar rejim növbəti cəhdləri ilə Bakıdan əlavə güzəştləri qoparacağına ümid edərək həyasızlığını davam etdirir. 
 
Azərbaycanın sülhpərvər mövqe sərgiləməsini hətta erməni milliyyətindən olan şəxslər də etiraf edib, Sərkisyan rejiminin küçə uşağı əxlaqı sərgiləməsinə qarşı çıxmaqdadırlar. Əvvəlki illərdə Ermənistandakı durumdan xilas olmaq üçün ailəsi ilə birlikdə Azərbaycana qaçan Ermənistan Milli Azadlıq Hərəkatı təşkilatının rəhbəri Vaan Martirosyan və erməni ordusundakı acınacaqlı vəziyyətdən bezib əsgərlərimizə təslim olan Xocavənd doğumlu əsgər Andranik Qriqoryanın ifşaedici fikirləri ilə tanışıq. 
 
Bugünlərdə isə daha bir erməni Sərkisyan rejimini və Ermənistanın işğalçı siyasətini ifşa etmək üçün hərəkətə keçib. 
 
İsveçdə yaşayan siyasi mühacir, publisist Vahe Avetyan ikinci cəhdində Bakıya gəlib. Xocalı soyqırımı qurbanlarının abidəsinə gül qoymaq arzusunda olduğunu deyən Avetyan Azərbaycanı özünə düşmən saymadığını bildirib. Milli Məclisin ötən iclasında deputat Zahid Oruc çıxışında mülki ermənilərlə silahlı ermənilər arasında fərq qoymağımızı deyərək Avetyan kimi təşəbbüskarlara “yaşıl işıq” yandırmağımızı zəruri saymışdı. Budur, Avetyan Bakıdadır və onun gəlişinə fərqli münasibət var. Ancaq digər məqam da var ki, bu da Bakıda yaşayan 30-40 min arası ermənilərlə bağlıdır. 
 
Hesab olunur ki, Bakı erməniləri də Qarabağla bağlı ortaya prinsipial mövqe qoymalı, lazımdırsa, təşkilatlanmalı, rahat yaşadıqları ölkənin maraqlarını müdafiə etməlidirlər. Dağlıq Qarabağın Azərbaycanlı İcması dəfələrlə erməni icması ilə görüşə hazır olduğunu bildirsə də, bu, mümkün olmayıb. İşğal zonasındakı mülki ermənilər faktiki olaraq terrorçuların girovluğundadır. Elə aprel döyüşlərində erməni ordusu mülki sakinlərdən “meşin” kimi istifadə etdi, onların arxasında mövqe qurdu və kiməsə güllə dəyəndə də “qoymayın, Azərbaycan ordusu dinc sakinləri öldürür” təbliğatına başladı. 
 
Talış kəndi istiqamətində məhz bunun şahidi olduq. Ona görə də erməni əhali müharibədən ilk olaraq özünün zərər çəkəcəyini anlamalıdır və bunu erməni dilində onlara çatdıra biləcək təbəqə Bakıda rahat yaşayan erməni vətəndaşlarımızdır. Bakıdakı ermənilər həm də soydaşlarının beynəlxalq aləmdə səsinə çevrilə bilərlər. 
 
Image result for Şahin Cəfərli
 
Politoloq Şahin Cəfərli bizimlə söhbətində sağlam mövqeli ermənilərlə təmasları vacib saydı: “Avetyanın ötən dəfə Bakıya buraxılmaması vizası olmadığı üçün texniki baxımdan doğru qərar olsa da, siyasi baxımdan yanlış idi. Belə görünür ki, bu yanlışlıq düzəldilib, bunu müsbət addım saymaq olar. Biz nifrət hissindən uzaq, ifrat millətçi və şovinist mövqe tutmayan mötədil mövqeli ermənilərlə təmaslardan imtina etməməliyik. Əgər müharibədə iştirak etmiş savaş suçlusu Sərkisyanla ən yüksək səviyyədə dialoq aparılırsa, səmimi şəkildə sülh və barışıq arzulayan ermənilərlə təmaslardan niyə qaçmalıyıq? Əlbəttə, müharibə dəhşətləri, Qarabağ müharibəsi zamanı, eləcə də Ermənistandan azərbaycanlılar qovularkən törədilən cinayətlər, Xocalı ağrısı hələ yaddaşlarda təzədir. Bu baxımdan, ermənilərə etimad etməyən, onlarla dialoqu mənasız sayan insanları başa düşmək olar. Amma nə qədər şablon ifadə olsa da, qeyd etmək lazımdır ki, bütün müharibələr əvvəl-axır sülhlə bitir”. 
 
Ş.Cəfərli tarix boyu bənzər konfliktlərin olduğunu xatırlatdı: “Tarixdə öz miqyasına görə erməni-azərbaycanlı savaşından dəfələrlə böyük olan müharibələr, kütləvi qırğınlar baş verib, təkcə Avropanın tarixinə nəzər yetirmək kifayətdir. Bir vaxtlar bir-birinə qənim kəsilmiş avropalıların bütün bunları geridə qoyaraq bu gün rifah içərisində yaşamaları, Avropa Birliyi kimi önəmli bir inteqrasiya modeli ortaya qoymaları nəzərdən qaçırılmamalıdır. Biz iki xalqın dinc yanaşı yaşamasının mümkünlüyünü, ən azı öz tərəfimizdən buna hazır olduğumuzu dünyaya göstərməliyik. Dövlət nümayəndələri və Azərbaycanın xaricdəki diplomatları da tez-tez bu fikri vurğulayırlar ki, Azərbaycan Dağlıq Qarabağ ermənilərini öz vətəndaşları kimi qəbul etməyə, onların ölkə konstitusiyasında nəzərdə tutulmuş bütün hüquqlarını təmin etməyə hazırdır, qarşı tərəf isə azərbaycanlılara qarşı dözümsüzdür. Bu, düzgün mövqedir, çünki ”ermənilərin hamısı bizim düşmənimizdir" anlayışı zərərlidir və münaqişənin həllində Azərbaycanın əleyhinə işləyə bilər. Əksinə, biz ermənilərin içərisində loyal mövqeli mümkün qədər daha çox insan tapıb, onlarla dialoq, əməkdaşlıq qurmalıyıq. Həm dünyaya, həm də erməni xalqına anlatmaq lazımdır ki, Ermənistanın işğalçı siyasətindən ən çox elə erməni xalqının özü əziyyət çəkir, halbuki Azərbaycan və Türkiyə ilə barışıq Ermənistanın inkişafı üçün ciddi imkanlar vəd edir. Bu baxımdan, Avetyan və onun kimilərdən yararlanmaq olar və lazımdır".
 
“Azərbaycan multukultural cəmiyyətdir və ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələri sərbəst şəkildə yaşayırlar. Münaqişənin acılarına baxmayaraq, bu gün Bakı şəhərinin mərkəzində erməni kilsəsi tam bərpa olunub, orada 5 mindən artıq erməni əlyazmaları saxlanılır. Həmçinin Bakıda 30 mindən artıq erməni mənşəli insanlar yaşamaqda davam edirlər. Münaqişənin həll edilməsi prosesində bu humanitar insan faktı da vacib amillərdən biridir. Ona görə Azərbaycan dəfələrlə bu təkliflə çıxış edib ki, münaqişənin həlli prosesində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və Azərbaycan icmaları arasında birbaşa təmaslar yaradılsın və dialoq inkişaf etdirilsin”.
 
Image result for Hikmət Hacıyev
 
Bu fikirləri isə XİN-in mətbuat katibi Hikmət Hacıyev “Yeni Müsavat”a açıqlamasında söylədi. Diplomat qeyd etdi ki, vaxtilə belə uğurlu təşəbbüslər olub: “Prosesin nəticəsi də göstərdi ki, bu zəmində dialoqun davam etdirilməsi ümumi etimad mühitinin yaranmasına da müsbət təsir göstərə bilər. Hətta Azərbaycanın belə bir təklifi var idi ki, nəyə görə işğal olunmuş ərazilərdən qovulmuş azərbaycanlı məcburi köçkünlər öz ata-baba yurdlarını ziyarət etməsinlər? Yaxud nəyə görə Ramazan bayramında, yaxud Qurban bayramında azərbaycanlılar Şuşa məscidini ziyarət etməsinlər? Amma təəssüf ki, bu kimi təşəbbüslərə mane olan tərəf var, bu da Ermənistandır”.
 
Ermənistan rejiminin və Qarabağdakı separatçıların mövqeyi bəllidir. Bəs Azərbaycan paytaxtında yaşayan erməni əhalinin təmsilçiləri Ermənistana ordusunu Qarabağdan çəkməklə bağlı çağırışlar edə, yaxud Qarabağdakı mülki əhaliyə Azərbaycan dövlətinin tərkibində rahat, sərbəst yaşamağın mümkünlüyünü deyib də özlərini misal göstərə bilməzmi? 
 
Rəsmi Bakı bu istiqamətdə hansısa təşəbbüslər göstərə, Bakı ermənilərinə tribuna verə bilərmi? H.Hacıyev: “Prinsipcə, bu kimi təşəbbüslər mümkündür. Əsl sülhə, işğal faktının aradan qaldırılmasına və iki dövlət arasında sivil münasibətlərin qurulmasına çağıran təşəbbüslər təbii ki, təqdir olunur. Amma Ermənistanda hakimiyyətdə olan rejim bu kimi təşəbbüslərə mane olmağa çalışır. Bakıda yaşayan ermənilərə gəldikdə, substantiv sülhə çağıran hər bir müraciətlər təbii ki, faydalıdır”.0
 
XİN rəsmisi qeyd etdi ki, Bakıda təhlükəsiz yaşayan erməni əhali özləri yaşadıqları ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mümkün olanı edə bilərlər: “Müharibə həmişə təhlükəlidir. Bakıda bu gün 30 mindən artıq erməni mənşəli insanın yaşaması onu göstərir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sülh və əmin-amanlıq şəraitində erməni və azərbaycanlı icmalar yenə də birgə yaşaya bilərlər. Bu mənada iki xalqın bir-birinə uyğun olmaması barədə Ermənistanın indiki və əvvəlki rəhbərlərinin söylədiyi rasizm xarakterli fikirlər də cəfəngiyatdır”.
 
Qarabağ məsələsi ilə müzakirələr aparmaq üçün Azərbaycan paytaxtına gələn xarici ölkə rəsmiləri və ya həmsədrlərlə görüşlərdə Bakı ermənilərinin də təmsilçilərini təqdim edib onların şəxsən mövqe bildirməsi üçün şərait yaratmaq mümkündürmü? H.Hacıyev: “Hazırda bu barədə konkret fikir söyləyə bilmərəm”.
 
Sülh danışıqlarında bütün metodlardan yararlanmaqla yanaşı, Azərbaycan təbii ki, hər an başlaya biləcək böyük savaşa da hazırdır. Bu mənada cəbhə boyunca davam etdirilən hərbi təlimlər düşmənə növbəti “aprel şoku”nu yaşatmaq baxımından müstəsna əhəmiyyətə malikdir. Ermənilərin ATƏT təmsilçisi ilə görüşdə Azərbaycandan şikayətlənməsi bir daha təsdiqləyir ki, düşmən vəziyyətin təhlükəlilik dərəcəsini kifayət qədər anlayır. Amma oyuncaq rolunu oynayanlar hələ ki öz missiyalarını davam etdirirlər. Bunu Avetyan da son açıqlamalarında açıq şəkildə etiraf edib. 
29.09.2016."Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ABŞ-ın Kaliforniya ştatının Berkli Universitetindəki çıxışı zamanı ənənələrinə sadiq qalaraq beynəlxalq ictimaiyyəti aldatmağa və çaşdırmağa çalışıb”.
 
Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
 
Onun sözlərinə görə, E. Nalbandyan məqsədli şəkildə Vyana və Sankt-Peterburq görüşlərinin mahiyyəti və nəticələrini təhrif edib: " Ermənistan xarici işlər naziri tərəfinsən əsassız olaraq ikinci və üçüncü dərəcəli texniki məsələlər gündəmə gətirilməklə, əsas hədəfdən yayınmaq siyasəti yürüdülür. Sankt-Peterburq görüşünün əsas nəticəsi ondan ibarət idi ki, münaqişə tərəfləri olan Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə substantiv danışıqlara başlamalıdır. Substantiv danışıqların da yekun nəticəsi mövcud “status-kvo”nun dəyişdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərinin işğaldan azad olunmasıdır. Danışıqlar prosesinin mahiyyəti və məğzi bundan ibarətdir. Substantiv danışıqlar prosesi gedir. Sadəcə olaraq Ermənistan tərəfi müxtəlif təxribatlarla, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində müxtəlif atəş hazırlığı məşqləri və digər təxribatçı addımlar həyata keçirməklə, bu prosesə mane olmağa çalışır". 
 
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
 
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
 
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
 

27.10.2016. Ermənistanın Şirak vilayətinin Ariç kəndinin əsil adı Qıpçaq olub.
 
Bu fakt Qazaxıstan telekanalının araşdırmasında öz təsdiqini tapıb.
 
Qazaxıstanın “Telekanal Xəbər 24” kanalının hazırladığı xüsusi reportajda Şirak vilayətinin Ariç kəndinin 8 əsrdən artıqdır qıpçaqların yaşadığı ərazi olduğu göstərilir. Bölgənin əsas danışıq dilinin qıpçaq dili olmasına baxmayaraq, bütün sənədlər, ədəbiyyat nümunələri erməni hərfləri ilə məhz qıpçaq dilində yazılıb.
 
Bildirilir ki, kənddə yerləşən indiki Sulpastvaçaçin erməni kilsəsinin adı əvvəllər Qıpçaqavan adlanıb.
 
Qəsəbənin rəhbəri Rolland Hazarityan bildirib ki, o, indi də özünü qıpçaq sayır və kəndin yaşlı nəsli özlərini hələ də qıpçaqlar adlandırırlar.
 
Video reportajda diqqət çəkən əsas məqam ermənilərin tarixi həqiqətləri gizlətmək, dəyişmək kimi mahir bacarıqlarının bu mövzudan da yan keçməməsidir.
 
Belə ki, erməni tarixçiləri də hesab edirlər ki, Qıpçaq adlanan ərazisinin 5 min il əvvəlki adı Ariç olub.
 
Qeyd edək ki, ərazinin türklərə məxsus olduğunu Qıpçaq kəndindəki Xpçaxvəng adlı kilsə və monastr (XII əsr) da sübut edir.
 
Hətta Qərbi Azərbaycanda (bugünkü Ermənistan) qıpçaq – qarqarların çox qədim zamanlardan yaşadıqlarını, onların torpaqlarının Ərməniyyə və Kilikiyaya qədər uzandığını erməni (hay) tarixçiləri də etiraf edirlər.
 

 Qarabağ təşəbbüskarlığı uğrunda Rusiya-Qərb oyunu

25.06.2016.Bu rəqabətdən Azərbaycanın uduşu nə ola bilər? Politoloq: “Danışıqlar üçün əsas rol oynayacaq sənəd Rusiyanın təklif elədiyi Lavrov planıdır...” 

 

Apreldəki 4 günlük müharibədən sonra təşkil edilən prezidentlərin iki birbaşa görüşü hələ ki, gözlənilən nəticəni verməyib, yaxud hansısa nəticə varsa, bunu geniş ictimaiyyət bilmir. Hər halda böyük müharibənin alovlanması riski azalmış kimi görünmür. 
 
Həm Vyana görüşü, həm də Sankt-Peterburq zirvəsi bunun əsas səbəblərindən biri kimi, məsələdə Rusiya və Qərb arasında ortaq mövqenin olmamasını üzə çıxardı. Məlum oldu ki, Moskva təşəbbüskarlığın Qərbə - ABŞ və Avropa Birliyinə keçməsinə yumşaq desək, isti baxmır və sırf öz oyununu oynamağa çalışır. Eləcə də əksinə - Qərb də məsələdə kənarda qalmaq, Rusiyanın dominantlığını kənardan seyr eləmək niyyətində deyil.     
 
Bəllidir ki, Qərbin patronajlığının nəticəsi hesab olunan Vyana danışıqlarından sonra Rusiyanın əlüstü Peterburq təmasını təşkil eləməsini siyasi müşahidəçilər məhz bu kontekstdən izah edirlər. Onların fikrincə, Neva sahillərindəki üçtərəfli görüş prezident Vladimir Putinə hansısa irəliləyişə nail olmaqdan daha çox, Qarabağ məsələsində Rusiyanın dominant rolunu digər vasitəçi güclərə nümayiş etdirmək, necə deyərlər, “əzələ nümayişi” üçün gərək ola bilərdi. 
 
***
 
O üzdən irəliləyişə ümidlər yenə də növbəti görüşlərə qalır. Belə görünür, Qarabağ məsələsində “estafeti” indi də Qərb Rusiyanın əlindən almağa hazırlaşır. Yayılan informasiyaya görə, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüş yeri bu dəfə Polşanın paytaxtı Varşava ola bilər. Məlumata görə, iyulun əvvəlində burada NATO-nun sammiti keçiriləcək. Bu tədbiri alyansın baş katibi İyen Stoltenberq artıq təşkilatın tarixində bir dönüş kimi qiymətləndirib. Sammitdə Rusiyanın alyansa ciddi təhlükə olduğu və NATO-un Qara dənizdə hərbi potensialı artırması haqda elan veriləcəyi gözlənilir.
 
Məsələ də ondadır ki, alyansın Nyu-Portda keçirilən bundan qabaqkı sammitinə Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sarkisyanın dəvət olunması və burada ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə Dağlıq Qarabağ probleminin həll olunmasına dair danışıqlar çərçivəsində prezidentlərin görüşməsi növbəti görüşün Varşavada baş tuta biləcəyi ehtimalını artırır. 
 
Yada salaq ki, 2014-cü ildə Nyu-Portda Qərb tərəfləri gərginliyin aradan qaldırılması üçün səylərini əsirgəməməyə çağırmışdı. Diqqət çəkən məqamlardan biri bu görüşdən əvvəl Vladimir Putinin təşəbbüsü ilə Soçidə Əliyev və Sarkisyanın iştirakı ilə üçtərəfli görüşün təşkil olunması idi. O zaman Putin problemin həll olunması üçün 3 ölkə arasında mövcud olan tarixi münasibətlərdən istifadə olunmasını vacib hesab etdiyini söyləmişdi. Soçi görüşü ATƏT-siz keçirilmişdi. Ondan sonra daha bir görüş Fransada baş tutdu. Başqa sözlə, bu dəfə də Sankt-Peterburqda Vladimir Putinin tarixi münasibətləri yada salması tarixin təkrarlana biləcəyini güman etməyə əsas verir.
*** 
Prezident Administrasiyasının sabiq əməkdaşı, politoloq Tofiq Abbasov da hesab edir ki, Varşavada İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün baş tutması real görünür (Anspress). Onun sözlərinə görə, Qərb və Rusiya arasında Dağlıq Qarabağ münaqişəsi məsələsində sərt rəqabət gedir.
 
“Qərb ölkələri son zamanlar bu məsələyə bir az dözümlü yanaşaraq, Rusiyanın bu prosesdə təşəbbüsünü dəstəklədi.  İndi isə Vaşinqton və Moskva arasında bu rəqabət yeni bir məna almağa başlayıb. Burada qlobal baxımdan söhbət kimin daha vacib və güclü, son söz sahibi olmasından gedir. Bu baxımdan ABŞ dünyada baş verən heç bir prosesdən geri qalmaq, o cümlədən Qarabağ məsələsində də birinciliyi əldən vermək istəmir. Bu baxımdan NATO-un Varşavada keçiriləcək sammitində qərb ölkələrinin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı və prezidentlərin görüşəcəyi realdır”.
 
Bir daha yada salaq ki, prezidentlərin son görüşü iyunun 20-ində Sankt-Peterburqda keçirilib. Burada Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla təkbətək görüşü, daha sonra dövlət başçılarının üç tərəfli görüşü baş tutub. Görüşdən sonra ortaq bəyanat yayılıb.
 
 
***
 
Qərbin Qarabağ fəallığını artırması və təşəbbüsü bir növ Rusiyadan almaq istəyini həm də ATƏT-in hazırkı sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerin həmsədrlərlə görüşə və münaqişə bölgəsinə səfərə hazırlaşmasından görmək olar. Lakin bir heç də bütün siyasi təhlilçilər Qarabağla bağlı təşəbbüsün tezliklə Qərbin əlinə keçəcəyini düşünmür.   
“Qarabağla bağlı təşəbbüs hələ ki, bütünlüklə Rusiyanın əlindədir”. Bunu Axar.az-a açıqlamasında Azərbaycan və Ermənistan prezidentlərinin növbəti dəfə Varşavada görüş ehtimalını şərh edən politoloq Qabil Hüseynli deyib. Bununla belə, sabiq dövlət müşaviri ABŞ və Rusiya arasında müəyyən bir razılaşmanın olduğunu və buna uyğun olaraq da Putindən sonra danışıqların estafetini Qərbin qəbul etdiyini istisna etməyib.
 
“Bu, mümkün ehtimaldır. Ancaq Qarabağla bağlı təşəbbüs bütünlüklə Rusiyadadır. Ortaya çıxarılan sənəd isə Lavrov planıdır və müzakirələr bu fonda gedəcək. Qarabağın azad olunması ilə bağlı yol xəritəsi də məhz bu plana uyğun hazırlanıb. Ola bilsin, həmin plan Sankt-Peterburqda masada olub. Lavrov planı Kazan razılaşmasının müəyyən qədər redaktə edilmiş variantıdır. Danışıqlar üçün əsas rol oynayacaq sənəd məhz Rusiyanın təklif etdiyidir. Hazırkı danışıqlar mərhələsi kompromislər prosesidir. Azərbaycan onun üçün məqbul olmayan müddəalara etirazını bildirəcək. Görünür, Dağlıq Qarabağın statusu ilə bağlı fikir ayrılıqları var. Azərbaycan Dağlıq Qarabağa ən yüksək status verməyə hazırdır, o şərtlə ki, bu ölkənin unitar quruluşunu pozmasın. Ona görə də bundan sonra danışıqlar çox gərgin keçəcək. Ermənilərsə bunu çox yaxşı bilirlər. Güman edirəm ki, ortaq məxrəcə gəlmək üçün qarşıda xeyli əziyyət çəkmək lazım gələcək. Buna görə də Varşava görüşü haqda birmənalı fikir söyləməkdə çətinlik çəkirəm”.
 
*** 
Onu da unutmaq olmaz ki, Lavrov sənədi ilk növbədə Rusiyanın bölgədə öz hərbi və geosiyasi maraqlarını təsbit eləməyə yönəlib. Söhbət bölgəyə sülhməramlılar adı ilə Rusiya hərbi qüvvələrinin yeridilməsi və Azərbaycanın Avrasiya layihələrinə cəlb edilməsindən gedir. Qərb razılaşacaqmı? Bəs Azərbaycan, nəyinsə qarşılığında buna gedərmi? 
 
Əgər doğrudan da Lavrov planı işə düşübsə, o zaman Moskvanın tezliklə Bakı və İrəvana təzyiqlərinin şahidi olacağıq. Azərbaycanın mövqeyi isə deyəsən, kifayət qədər aydındır axı: öncə ərazilərin qaytarılması, Azərbaycanın ərazi bütövlüyünə zəmanət, sonra isə sülhməramlılar və ya Avrasiya layihələrinə qoşulmaq məsələsi.
 
www.musavat.com

QAT XƏBƏR

QARABAĞ QALERIYA

QAT.az